Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“KATV1” istifadəçilərinə təqdim etdiyi xidmət paketlərində kanalların sayını artırıb


Bu gün “KATV1” kabel televiziyası operatoru 9 illik yubileyi ərəfəsində jurnalistlərlə görüş keçirib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, şirkətin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərvin Sadıqov bildirib ki, operator bu gündən etibarən yayımladığı rəqəmsal telekanalların sayını 87-dən 100-dək artırıb.
 
“KATV1” eyni zamanda “Genişləndirilmiş Rus” paketində kanallarının sayını 24-dən 36-dək, “Genişləndirilmiş Türk” paketində 24-dən 27-dək, “Super sport” paketində isə 7-dən 18-dək artırıb.

Göstərilən müddətdən etibarən rəqəmsal baza paketində həmçinin 10 radiokanal əlavə olaraq yayımlanır. Kanalların sayının artırılmasına baxmayaraq abunə haqqı dəyişməyib. Xidmət keyfiyyətinin  səviyyəsinin yüksəldilməsi üçün “KATV1” müştəri xidmətinin telefon kanallarının sayı artırılıb, yeni avadanlıq və proqram təminatı tətbiq olunub.
 
P. Sadıqov onu da qeyd edib ki, operatorun fəaliyyətə başlamasının 9 illiyi münasibəti ilə avqustun 24-dək bütün kanallar açıq şəkildə yayımlanacaq.

Aynur Vəliyeva
 




11/08/14    Çap et