Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Kabel Operatorları Assosiasiyası “Azərkosmos”la əməkdaşlığa başlayır
Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) “Azərkosmos” ASC ilə danışıqlara başlayıb.
Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı direktoru Əli Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda assosiasiya fəaliyyətini aktivləşdirmək niyyətindədir.
“Biz artıq “Azərkosmos”la danışıqlara başlamışıq və gələcəkdə birgə bir sıra sosial və digər layihələr həyata keçirmək niyyətindəyik. Hazırda İPTV texnologiyası vasitəsi ilə artıq bir neçə informasiya agentliyi online xəbər yayımına başlayıb. Ümumiyyətlə peykin orbitə çıxarılması nəticəsində artıq ölkənin istənilən nöqtəsinə beynəlxalq kanalların yayımını və yerli kanalların beynəlxalq səviyyədə yayımını təşkil etmək mümkündür. Kabel televiziya operatoru Bakıda və böyük şəhərlərdə xidmətlərini təşkil etməsinə baxmayaraq ucqar rayonlarda kabel çəkmək isə operatorlar üçün qeyri rentabellidir və burada peyk üzərindən yayım daha effektivdir. Gələn ildən DVB-T yayıma başlanılacaq və bu da öz növbəsində televiziya yayımı sahəsində inkişafa təkan verəcək. Biz eyni zamanda danışıqlar çərçivəsində yeni yaradılan televiziya operatorlarına, internet televiziya kanallarına dəstək olmaq niyyətindəyik. Bu şirkətlərə konsaltinq xidmətləri göstərmək niyyətindəyik, onlara kontentin yaradılmasında, OOT texnologiyasının tətbiqində köməklik göstərmək istəyirik”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Kabel Operatorları Assosiasiyası 2012-ci ildən başlayaraq qeyri-kommersiya fəaliyyətə başlayıb və artıq bu assosiasiyaya ölkənin aparıcı kabel televiziya operatorları “B&B TV”, “KATV1”, “Connect”, “AiləTV” qoşulublar. Eyni zamanda AKOA-nın qısa müddət ərzində fəaliyyəti nəticəsində Avrasiya ölkələrinin Kabel Televiziyası Operatorlarının Assosiasiyası yaradılıb və uğurla fəaliyyət göstərir.
Aynur Vəliyeva
11/08/14 Çap et