“Ericsson”: “Müasir texnologiyalar nəsillər arasında fərqi aradan qaldırır”
“Ericsson ConsumerLab” şirkəti tərəfindən ABŞ-da aparılan tədqiqatdan məlum olub ki, müasir rabitə vasitələri yaşa dolmuş insanların həyatını daha rəngarəng və maraqlı edir. Belə ki, aparılmış sorğu göstərib ki, texnologiyalar təkcə digər insanlarla ünsiyyət qurmağa və cəmiyyətdə baş verən hadisələrdən xəbərdar olmağa deyil, həm də ahıl insanlarda gənclik hissi yaratmasına görə həyatın keyfiyyətini xeyli artırır.
Hazırkı təqaüdçülər nəsli nümayəndələrinin əksəriyyəti müasir texnologiyalardan ömürlərinin ahıl yaşında yararlanmağa başlayıb. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) nəsillər arasında fərqi aradan qaldırır: uşaqlar və nəvələr yeni texnologiyalar sahəsindəki təcrübələrini yaşlı nəsildən olan qohumları ilə bölüşür və bu ünsiyyət üçün yeni sərhədlər açır. Bu ünsiyyət sayəsində yaşlı insanlar kiçik nəslin SMS bildirişlərdən istifadəyə üstünlük verməsinə görə getdikcə telefon zəngləri və elektron poçtla yazışmalar əvəzinə daha çox SMS-dən istifadə etməyə başlayıb. Hazırda yaşı 65-dən yuxarı olan insanların 45 faizi SMS-dən istifadə edir.
Tədqiqata görə, rəyi soruşulan, yaşı 65-dən yuxarı insanların 31 faizi planşet kompüter və ya smartfonlardan istifadə edir. Zaman ötdükcə məhz planşetlər böyük ekranlarla rahat işləmək sayəsində yaşı 65-75 arasında olan insanlar arasında daha geniş vüsət alacaq.
Bundan əlavə, təqaüdçülər arasında videozənglər daha da populyarlaşmağa başlayır. “Bu, istifadəsinin sadə olması səbəbindən ailənin digər üzvləri ilə asanlıqla ünsiyyət qurmağa imkan verən ideal rabitə vasitəsidir”, - “Ericsson ConsumerLab”ın baş məsləhətçisi Ann-Şarlotta Kornblad deyib.
Yaşlı nəslin sosial şəbəkələrə cəlb olunmasına gəlincə, onlar aktiv istifadəçidən daha çox passiv müşahidəçilərdir. Əksər ahıl insanlar üçün sosial şəbəkələr şəxsi həyatda baş verən hadisələrin çatdırılması kanalına yox, informasiya əldə etməyə xidmət edir, - “CNews”
www.cnews.ru yazır.