Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhsil Nazirliyi: “İKT və elektron xidmətlərin geniş tətbiqi ilə həyata keçirilən müəllimlərin işə qəbulu ölkədə ən çevik qəbul mexanizmi hesab edilə bilər”
Hazırda müəllimlərin işə qəbulu sahəsində tətbiq edilən qaydalar şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, ölkədə ən çevik qəbul mexanizmi hesab edilə bilər.
Belə ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) və elektron xidmətlərin geniş tətbiqi vasitəsilə həyata keçirilən bu mexanizmin (elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə, elektron məlumatlandırma) tətbiqi hər bir iştirakçıya imkan verir ki, imtahan nəticəsi ilə imtahan başa çatan kimi auditoriyadan çıxmamış tanış olsun.
Həmçinin, nəticələr dərhal müəllimin “Şəxsi səhifəsi”nə göndərilir. Yəni müəllim imtahan verdiyi gün hansı məktəbə işə qəbul olunduğu və ya nə üçün müsabiqədən keçə bilməməsi barədə məlumatlandırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ilin iyul ayında keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən olmayıb:
“Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə aparılan sistemli işin, tətbiq edilən yeni mexanizm və stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, hazırda kənd məktəblərində pedaqoji kadrlara ehtiyac minimuma enib və son müsabiqədən sonra ölkə üzrə vakant müəllim yerlərinin sayı ümumi müəllim sayının 1 faizindən də aşağıdır. Halbuki, 7 il əvvəl ölkənin kənd məktəblərində 10 min müəllimə ehtiyac müəyyən edilmişdi. Hazırda ölkənin ümumi təhsil məktəblərində 143451 nəfər müəllim çalışır”.
Həqiqət İSABALAYEVA
19/08/14 Çap et