Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliyalı hakim “Secret” mobil tətbiqinə qadağa qoydu


“Mashable” texnologiya bloqu yazır ki, braziliyalı hakim ölkədə populyar “Secret” mobil tətbiqinin yayılmasını qadağan edən qərar çıxarıb. Bu, sözügedən xidmətin insanları anonim şəkildə təhqirə icazə verməsi ilə izah olunur.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, təxminən 6 ay əvvəl “Google”un keçmiş əməkdaşları tərəfindən buraxılmış “Secret” tətbiqi anonim mesajlar paylaşmağa imkan verir. ABŞ-dan kənar ölkələrdə “Secret” tətbiqinə giriş mayın 21-dən mümkündür.
 
Hakim Paulo Sezar de Karvalyo çıxartdığı ilkin qərarda 10 gün ərzində tətbiqi “Apple App Store” və “Google Play” onlayn mağazalarından silməyi tələb edib. O, həmçinin “Windows Phone” platforması üçün tətbiq mağazasından “Secret” tətbiqi ilə işləməyə icazə verən “Cryptic” xidmətini sildirməkdə israrlıdır. “Secret” nümayəndələri bu məsələyə hələ ki münasibət bildirməyiblər.
 
Tətbiq mağazaları məhkəmə tərəfindən çıxarılmış qərarı icra etmədiyi halda, gündəlik 20 min Braziliya realı (təxminən 9 min dollar)  məbləğində cərimələnə bilərlər.
 
Emil Hüseynov
 
 




21/08/14    Çap et