Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil naziri: “ “Google”, “Wikipedia” var deyə uşaqlarda “yadda saxlamaq” bacarığı inkişaf etdirilməməlidir?”


“Müasir təhsil sistemi artıq “informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər” üsulundan çoxdan uzaqlaşmışdır. İnformasiya əldə etmək üçün “Google”, “Wikipedia” var, bu  o deməkdir ki, uşaqlarda “yadda saxlamaq” bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil”.
 
Bu fikri təhsil naziri Mikayıl Cabbarovla Vyaçeslav Sapunovla müsahibəsində bildirib. Nazir təhsil standartlarına da toxunub:
 
 “Biz dilemma qarşısındayıq: bir tərəfdən, biz  hər şeyi bilən, bilməli olan fövqəlinsan yetişdirmək istəyirik. Lakin burada təhsil sisteminin vəziyyəti və sosial-iqtisadi şərait qətiyyən nəzərə alınmır. Standart minimum, yoxsa maksimum biliyi ifadə edir? Mən sizinlə getdikcə təcrübədə özünü təsdiq edən intuitiv nəticəmi bölüşəcəyəm. Və hələ heç kim bunu təkzib edə bilməyib. Son 20 ildə standartın minimal deyil, ideal bilik səviyyəsi sayılması böyük səhv olub. Sözsüz ki, iki və ya beş dil öyrətmək mümkün olan uşaqlar var, lakin digərləri üçün bu elə də asan deyildir. Biz də bu barədə düşünmüşük. Bilirsiniz, nədən başladıq? O suala cavab axtarmağa başladıq ki, nəyə görə bəzi məktəblərə uşaqlar həvəslə, digər məktəblərə isə güclə gedirlər? İş orasındadır ki, harada bilik maraqlı və anlaşıqlı öyrədilir, orada uşaqlar həvəsli olurlar. Digər halda isə uşaq nəsə başa düşməyən kimi özünə qapanır...”
 
Nazir görüləcək tədbirləri də nəzərə çatdırıb:
 
“Təlim materillarının qavranılmasının əlçatan olması və  müəllimin peşəkar hazırlığının artırılması ilə yanaşı, tətbiq etdiyimiz yerdən asılı olaraq biz məktəb proqramını da nəzərdən keçirməliyik. Mənə görə, kənd məktəbləri üçün fənlərin seçimi şəhər məktəbləri üçün fənlərin seçimindən fərqlənməlidir. Çünki məktəb bizə müstəqil yaşamaq üçün bacarıqlar aşılayır. Və insanın seçdiyi sahədən asılı olaraq bu bacarıqlar fərqlənməlidir.  Əgər insan zehni əməklə məşğul olmaq istəyirsə, onun üçün bir, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsə, başqa bacarığı olmalıdır. Məzmundan asılı olmadan orta bilik səviyyəli insan yetişdirməyə çalışmaq düzgün deyil. Proqrama gəldikdə isə, o cümlədən 3 xarici dil ilə bağlı burada dəyişikliklərin aparılacağı mexanizminə baxmaq lazımdır. Birdən-birə proqramdan bir fənni kənarlaşdırmaq da asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, kimsə üç dil öyrənmək istəyir... Mənə görə, bir insanın bir dili əla bilməsi, üç dili yarımçıq bilməsindən yaxşıdır. Kurikulum misalında biz görürük ki, yeni  metodikanın və yanaşmaların tətbiqi heç də problemsiz ötüşmür”.
 
 
 
Həqiqət İSABALAYEVA




22/08/14    Çap et