Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Gömrük Komitəsinin Akademiyasında valideyn və tələbələrə virtual nəzarət imkanı verən xüsusi şifrlər paylanacaq


Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil prosesində bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, valideynlərə (eyni zamanda tələbələrə) xüsusi şifrlər paylanması nəzərdə tutulur ki, onlar bu şifrlər vasitəsilə virtual olaraq övladlarının aldığı qiymətlər, tədris prosesində göstərdikləri fəallığın səviyyəsi barədə məlumat almaq imkanına malik olacaqlar.
 
Sözügedən məlumat Dövlət Gömrük Komitəsinin Akademiyasında bu ali təhsil ocağına qəbul olan tələbələrin valideynləri ilə keçirilən görüşdə verilib.
 
Komitədən bildirilib ki, valideynlər qarşısında çıxış edən Akademiyanın və Dövlət Gömrük Komitəsinin mütəxəssisləri bu yeni ali təhsil ocağının formalaşması, məramı və prinsipləri, onun yaradılması üçün zəruri olan hüquqi baza barədə məlumat veriblər. Bildirilib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir və bu halda hər sahədə olduğu kimi gömrük işinin təşkilində də yüksək ixtisaslı kadrlara ehtiyac var.
 
Tədbirdə çıxış edən iştirakçılar Qafqazda ilk dəfə olaraq gömrük işi sahəsində yüksək ixtisaslı kadrlar yetişdirən belə bir təhsil ocağının yaradılmasına görə İ.Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Öz növbəsində, tədbirdə çıxış edən mütəxəssislər ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və inkişafında mühüm rol oynayacaq vətəndaşlar yetişdirdikləri üçün müdavimlərin valideynlərinə təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, Akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsidir və formalaşmasında müxtəlif ölkələrin təcrübəsindən istifadə olunub. Hələlik Akademiyanın müdavimi adını qazanan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcəklər.
 
Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində aparılması planlaşdırılır. Tələbələrdən 16-sı dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək ki, bunda da  məqsəd müəllim-tələbə təmasını sıfıra endirərək şəffaf təhsil prosesinə nail olmaqdır. Bundan başqa, auditoriyalarda quraşdırılan kameralar vasitəsilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi də təhsil prosesini daim nəzarət altında saxlayacaq.
 
Valideynlərə o da bildirilib ki, təhsil prosesində ən vacib amillərdən biri Akademiyanın nizam-intizam qaydalarına əməl olunmasıdır. Onlara övladları ilə bu barədə əvvəlcədən söhbət aparmaq tövsiyə olunub. Görüşün sonunda valideynlər Akademiyanın auditoriyalarını gəzib, sinif otaqlarında, kitabxanada yaradılan şəraitlə tanış olublar.
 
 
Həqiqət İSABALAYEVA




25/08/14    Çap et