Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı gələn ay dördüncü dəfə “Yaşıl standartlar həftəsi”ni keçirəcək



Pekində 22-26 sentyabr tarixlərində "Ağıllı" dayanıqlı şəhərlər üçün konsepsiyanın hazırlanması" mövzusunda  Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Yaşıl standartlar həftəsi" keçirəcək.
 
"ICTnews"un tədbirin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən, sayca dördüncü dəfə keçirilən  "Yaşıl standartlar həftəsi"nin əsas məqsədi "ağıllı" dayanıqlı şəhərlərin tikintisinə töhfə vermək, elektromaqnit dalğaların insana təsirini öyrənmək, elektron tullantıların idarə edilməsinə kömək etmək,  yaşıl texnologiyaların iqtisadiyyatın inkişafında effektiv istifadə yollarını araşdırmaqdır.
Tədbiri "Huawei" şirkətinin dəstəyi ilə BTİ ilə birgə Çin hökumətinin İnformasiya Texnologiyaları və Sənaye Nazirliyi yanında Rabitə sahəsində Tədqiqatlar Akademiyası  təşkil edir.
 
Həftə ərzində yüksəksəviyyəli forum, Asiya-Sakit Okean regionu üçün BTİ-nin 5-ci tədqiqat komissiyasının regional qrupunun iclası keçiriləcək.
 
Tədbirdə üzv ölkələrin hökumət, özəl və qeyri-hökumət təşkilatlarının, standartların hazırlanması üzrə təşkilatların nümayəndələrinin, "ağıllı" evlərin planlaşdırılması üzrə mütəxəssislərin, İKT, eləcə də ətraf mühit üzrə sahə assosiasiyalarının nümayəndələri iştirak edəcəklər.
 
Aynur Vəliyeva
 




26/08/14    Çap et