“Oracle”: “Təhlükəsizlik müəssisələrdə mobil texnologiyaların geniş tətbiqinin başlıca problemi olaraq qalır”
Mobil texnologiyalar hər yerdə tətbiq edilsə də, hazırda təşkilatların yalnız 10 faizi mobil şəkildə fəaliyyət göstərir.
Təhlükəsizlik hələ də müəssisələrdə mobil texnologiyaların geniş tətbiqinin başlıca problemi olaraq qalır və populyar “BYOD” konsepsiyası bu problemə əlavə çətinliklər yaradır. Bu barədə “Oracle” şirkətinin sifarişi ilə aparılmış “Müasir müəssisələr: mobil texnologiyaların inkişafı ilə ayaqlaşma” adlı beynəlxalq tədqiqatda deyilir.
Respondentlərin 93 faizi potensial məlumat itkisi və mobil qurğularla əlaqədar digər təhlükəsizlik təhdidləri ilə bağlı narahatlığını ifadə edərək “BYOD”-u bu narahatlığın əsas faktoru kimi göstərib. Təşkilatlar təhlükəsizlik məsələlərində əsas etibarilə istifadəçilərə deyil, mərkəzləşdirilmiş idarəetməyə üstünlük verirlər. Respondentlərin sözlərinə görə, yaxın iki ildə onların təşkilatları qurğularda məlumatların şifrlənməsindən (hazırdakından 10 faiz çox), proqram təminatının mərkəzləşdirilmiş şəkildə yenilənməsindən, nöqsanları aşkar edərək aradan qaldırılmasından (hazırdakından 11 faiz çox), verilənlərin məsafədən silinməsindən və funksiyaların blok edilməsindən (hazırdakından 18 faiz çox) daha geniş istifadə edəcək.
Sorğudan məlum olub ki, İT işçi heyəti abunəçi mobil əlavələrin hazırlanmasına vaxtının 29 faizini sərf etsə də, vaxtın 70 faizindən çoxu inteqrasiya, təhlükəsizliyin təmini, keyfiyyətin sınağı və layihələndirmə işlərinə sərf edilir.
Tədqiqat onu da göstərib ki, orta və iri şirkətlərin 35 faizi əlavələri hər ay, 34 faizi rüblük yeniləyir. Respondentlərin 82 faizinin fikrincə, bu yeniləmə tempi yaxın iki ildə artacaq, - "Computerworld
www.osp.ru” yazır.