Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Belarus birgə qrant layihəsi üzrə tədqiqatın nəticələrini müzakirə edib
Belarus Dövlət İnformatika və Radiotexnika Universitetində azərbaycanlı mütəxəssislərlə görüş keçirilib.
Görüş “3d keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu ZnO və ZnSnAs2 birləşmələrinin struktur, elektron və maqnit xassələrinin təməl prinsiplərdən tədqiqi” adlı Azərbaycan-Belarus birgə qrant layihəsi çərçivəsində aparılmış tədqiqatların nəticələrini müzakirə etmək məqsədi daşıyıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutundan (Fİ) məlumat verilib. İnstitutdan bildirilib ki, görüşdə Fİ-nin İnnovasiya sektorunun əməkdaşı, Azərbaycan Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, layihə rəhbəri Hüseyn Orucov və fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova iştirak ediblər.
Belarusun paytaxtı Minsk şəhərində ezamiyyətdə olan azərbaycanlı mütəxəssislər universitetdə təşkil olunmuş görüşdə layihənin belaruslu həmrəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Viktor Romanoviç Stempetçki və layihə iştirakçıları ilə sözügedən layihə ətrafında fikir mübadiləsi aparıblar.
Beşgünlük səfər müddətində universitetin rektoru, professor Mixail Pavloviç Batura və beynəlxalq əlaqələr şöbəsinin rəis müavini İrina Vasilyevna Letkovskaya ilə də görüşlər keçirilib, magistr və aspirantların mübadiləsi ilə bağlı məsələlər, həmçinin gələcəkdə birgə əməkdaşlığın inkişaf planları müzakirə olunub. Ezamiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu maliyyələşdirib.
Həqiqət İSABALAYEVA
26/08/14 Çap et