Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Plutona istiqamət götürən planetlərarası stansiya Neptun orbitini keçib


Bəşəriyyət tarixində Pluton planetinə ilk uçuşu həyata keçirən "New Horizons" planetlərarası stansiyası Neptun orbitini keçərək son məqsədinə yaxınlaşır. Bu barədə mətbuat konfransında ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi nümayəndələri bildirib.
 
Layihə rəhbərlərindən biri Alan Şternin sözlərinə görə, 453 kiloqramlıq zond 19 yanvar 2006-cı ildə start götürüb. Stansiyanın göyərtəsində yeddi elmi cihaz quraşdırılıb. Onlar arasında Pluton atmosferinin tərkibinin tədqiqi üçün "Alice" ultrabənövşəyi aparatı, Pluton səthindən uçuş zamanı 100 metr məsafəyədək təsvir ölçüsündə şəkillər əldə etməyə imkan verən "LORRI" fotoqrafik kamerası, "REX" radiospektrometri və s. yer alıb. 
 
A.Ştern qeyd edib ki, planetlərarası stansiyanın başlıca vəzifəsi təkcə Pluton haqqında deyil, həm də kiçik planetin ətrafındakı tədqiq edilməmiş sahələr haqqında informasiya toplamaqdan ibarətdir. Nəzərdə tutulur ki, zond Plutona və onun Günəş sisteminin ətrafında yerləşən üç peykinə – Haron, Nikta və Hidraya 2015-ci ilin iyulunda çatacaq və bundan sonra Koyper qurşağına - Neptun orbitindən kənarda dövr edən asteroid və parçalar halqasına istiqamət götürəcək.
 
Pluton 1930-cu ildə astronom Klayd Tombo tərəfindən kəşf edilib və uzun müddət bütöv planet hesab edilib. Lakin 2006-cı ildə uzun sürən və qızğın mübahisələrdən sonra onun statusu kiçik planetə dəyişdirilib, - "İTAR-TASS " yazır.




27/08/14    Çap et