Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Federal Təhqiqatlar Bürosu 83 milyon vətəndaşın barmaq izini rəqəmli formata keçirib


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Cinayət Ədliyyəsi İnformasiya Xidmətinin (Criminal Justice Information Services, CJIS) arxivində kağız şəklində saxlanılan bütün faylları rəqəmli formata keçirib.
 
Buna qədər FTB-nin Fermont şəhərində yerləşən arxivlərindən birində saxlanılan informasiya işə salınma mərhələsində olan vətəndaşların biometrik identifikasiyası sisteminə daxil etmək məqsədilə rəqəmləşdirilib. FTB-nin rəsmi saytının məlumatına görə, məlumatların toplanması və rəqəmləşdirilməsi son 20 ildə aparılıb. Bu müddət ərzində 30 milyon amerikalının ətraflı “profili” tərtib olunub.
 
Rəqəmləşdirilən materiallar üç kateqoriyaya bölünür: 1970-ci ildən açılan cinayət işləri, orduda xidmət etmiş və ya dövlət təşkilatlarında çalışmış vətəndaşların şəxsi işləri və sayı 83 milyona çatan daktiloskopik kartoçkalar.
 
Məlumatların rəqəmli formata keçirilməsi FTB-yə Fermontdakı arxivini boşaltmağa, əvvəllər əməkdaşların əllə baxdığı bir neçə min materialı utilizasiyaya göndərməyə imkan verib. Bu, FTB-nin nəhəng “Next Generation Identification (NGI) System” (milli yeni nəsil biometrik identifikasiya sistemi) layihəsi sayəsində mümkün olub.
Sistem ABŞ kəşfiyyatı tərəfindən FTB-nin şübhələndiyi vətəndaşların şəxsiyyəti barədə biometrik və digər informasiyanı əldə etmək üçün istifadə edəcəyi platforma olacaq. Bu sistem tədricən hazırkı avtomatlaşdırılmış biometrik tanıma informasiya sistemini (Integrated Automated Fingerprint Identification System - IAFIS) əvəz edəcək.
 
Barmaq izləri hüquq-mühafizə orqanları əməkdaşlarının yeni informasiya sistemindən şübhəli şəxslər haqqında ətraflı məlumat əldə edəcək “indeks” rolu oynayacaq.
 
Yeni sistem hüquq-mühafizə orqanlarına informasiyanın təqdim edilməsində səmərəliliyi artırmaq məqsədilə hazırlanır.
 
2010-cu ildə Cinayət Ədliyyəsi İnformasiya Xidməti bu yaxınlarda istifadəyə veriləcək biometrik texnologiyalar mərkəzinin yaradılmasına başlayıb. Bununla əlaqədar şəxsi işlərin və daktiloskopik məlumatların rəqəmli formata keçirilməsi daha fəal aparılacaq.
 
FTB-nin planlarına yaxın iki ildə ABŞ-ın digər şəhərlərində yerləşən arxivlərdəki 8,8 milyon şəxsi işi rəqəmləşdirmək daxildir.
 
“CJIS”-nin biometriya şöbəsinin rəhbəri Penni Harkerin sözlərinə görə, yeni sistem daxil işlər və kəşfiyyat orqanlarına bir neçə saniyə ərzində barmaq izlərinin uyğun gəlməsi barədə informasiyanı təqdim etməyə imkan verəcək, halbuki əvvəllər bunu etmək üçün bir neçə saat lazım olurdu.
 
ABŞ Cinayət Ədliyyəsi İnformasiya Xidməti vətəndaşlar haqqında məlumatı FTB onlardan şübhələnməyə başlayandan vəfatlarınadək saxlayır. İstisna hallarda şəxsi iş vətəndaş 110 yaşına çatdıqda məhv edilə bilər, - " www.cnews.ru” yazır. 




28/08/14    Çap et