Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada pilotsuz uçan aparatların hazırlanmasına başlanıb


Yaponiya hökuməti ölkənin nəhəng şirkətlərinin pilotsuz uçan aparatlar hazırlamasına başlamasını bəyan edib. Yaponiya insanın gözü kimi işləyən cihazların istehsalı üzrə dünya bazarında liderdir.
 
Hazırda onlardan rəqəmli kamera və digər qurğularda istifadə olunur. Pilotsuz uçan aparatları köhnə tunel və körpülər kimi infrastrukturun yoxlanılması, eləcə də kənd təsərrüfatı bitkilərinin artımının izlənməsi üçün bu cihazlarla təchiz edilməsi planlaşdırılır. Bundan başqa, günəş batareyaları ilə uzun müddət havada qalan pilotsuz uçan aparatların hazırlanması ilə bağlı işlər aparılır.     
 
Yaponiya pilotsuz uçan aparatları təkcə hərbi məqsədlər üçün hazırlamır. Analitiklər qeyd edirlər ki, aparatlardan iqtisadi mənfəət 2025-ci ilədək təkcə ABŞ-da 76 milyard dollar təşkil edəcək. Bundan əlavə, pilotsuz uçan aparatlardan hazırda kommersiya məqsədləri üçün istifadə edilir. Məsələn, ABŞ-ın “Amazon” internet şirkəti ötən ilin dekabrında yükləri pilotsuz uçan aparatlarla çatdırmaq niyyətində olduğunu elan edib. Həmçinin “Facebook” şirkəti pilotsuz uçan aparatlardan dünyanın müxtəlif hissələrində qoşulmanın genişləndirilməsi üsulu kimi internet siqnallarının yayımı üçün istifadə etməklə bağlı planlarını açıqlayıb, - "Newsme www.newsme.com.ua” yazır.
 




28/08/14    Çap et