Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanlıların da dəvət aldığı “Bengaluru Space Expo 2014”-də kosmik sənayenin inkişafı gündəmə gələcək
6-8 sentyabr 2014-cü il tarixlərində Hindistanın Benqaluru şəhərində Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə “Bengaluru Space Expo 2014” adlı kosmik texnologiyalar, avadanlıq və məhsullar sərgisi keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.
Sərginin Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, “Expo 2014” birgə müəssisələr, texnologiyaların transferi, marketinq tədbirlərinə diqqət ayıracaq, həmçinin dünyanın kosmik sənaye müəssisələrinin ünsiyyət imkanlarının genişləndirilməsinə yönələn platformaya çevriləcək. Sərgi eyni zamanda, Asiyanın kosmik sahədə əldə etdiyi nailiyyətlər və perspektivləri göstərəcək.
TK-dan o da vurğulanıb ki, tədbirə ev sahibliyi edən Hindistan indiyə qədər kosmik tədqiqatlar, bu sahənin inkişafı, kosmik texnologiyaların tətbiqi sahəsində əhəmiyyətli müvəffəqiyyətlərə nail olub. Tədbirin digər təşkilatçıları Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və kosmik sənaye sahəsində fəaliyyət göstərən “Antrix” Korporasiyasıdır.
Həqiqət İSABALAYEVA
28/08/14 Çap et