Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows 8” əməliyyat sistemi populyarlaşır
“Windows 8” əməliyyat sisteminə tələbat hələ ki “Microsoft”un istədiyi kimi yüksək deyil. Hətta köhnə “Windows XP” platforması uzun müddət "səkkiz"dən populyar olub. Yalnız bu yaxınlarda vəziyyət yeni əməliyyat sisteminin xeyrinə dəyişib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, internet səhifələrinə baxış sayını hesablayan “StatCounter” xidmətinin məlumatına əsasən, 2014-cü ilin avqustunda masaüstü kompüterlər üçün qlobal proqram platformaları bazarında “Windows XP” sisteminin bazar payı 14,31 faiz olub. Ötən ay bu göstərici 15,15 faiz təşkil edib. “Windows 8” əməliyyat sistemi hazırda dünyadakı masaüstü və noutbukların 7.35 faizində, “Windows 8.1” platforması isə 8,2 faiz-də quraşdırılıb. Beləliklə, “Windows 8/8.1” platformalarının ümumi bazar payı 15,55 faiz təşkil edib.
“Windows 7” platforması ən populyar əməliyyat sistemi olaraq qalır, avqustda sözügedən sistemin payı 55,7 faizə çatıb. “StatCounter” statistikasına əsasən, “Mac OS X” platformasının payı 8,64 faiz təşkil edib.
Emil Hüseynov
28/08/14 Çap et