Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kasperski laboratoriyası”: “Kibercinayətkarların gəlirləri onların hücumların təşkilinə xərclərini 20 dəfə üstələyə bilər”
“Kasperski laboratoriyası” şirkətinin ekspertləri yayılmış haker alətlərinin dəyərini və cinayətkarların uğurlu əməliyyat nəticəsində əldə etdikləri gəliri müqayisə ediblər.
Belə ki, populyar sosial şəbəkələrdən birinin “fishing” səhifəsinin yaradılması və saxta saytı bildirən “spam” məktubun göndərilməsi hazırda fırıldaqçılara orta hesabla 150 dollara başa gəlir. Lakin hücuma 100 nəfər məruz qalsa, cinayətkarlar istifadəçilərin məxfi məlumatlarını satmaqla 10 min dollaradək qazanc əldə edə bilərlər.
Zərərli mobil “Trojan” proqramı isə bir qədər bahadır. Bu proqrama görə min dollar ödəmək lazımdır. Bununla yanaşı, fırıldaqçılar yüz potensial qurbandan 20 min dollar əldə edə bilərlər. Şifrləyici proqramlarla da bu məbləği qazanmaq olar, lakin buna görə ilkin xərclər iki dəfə çox – təxminən 2 min dollar olacaq.
Bank “Trojan” proqramının alınmasına 3 min dollar xərcləyən kibercinayətkarlar 71 min dollar əldə etmək imkanına malikdirlər. Bu halda bir zərərçəkmiş istifadəçinin orta itkisi 722 dollar təşkil edəcək.
“Kasperski laboratoriyası” ekspertləri onu da qeyd edirlər ki, zərərli proqramları hazırda almaq çox asandır: kibercinayətkarları müxtəlif haker forumlarında tapmaq problem deyil və bu işin ucuz qiymətə görülməsi onlara geniş imkanlar açır. Bundan əlavə, bu yolu seçən kibercinayətkarların hətta qeyri-qanuni biznesdə peşəkar olmasına da ehtiyac qalmır. Müəyyən edilmiş qiymətə onlar hücumlar üçün hazır proqram paketləri alırlar, - "Computerworld” yazır.
30/08/14 Çap et