Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bələdiyyə Vergi İnformasiya Sistemi” proqram təminatı hazırlanıb


Azərbaycanda bələdiyyələrin vergi xidmətlərinin fəaliyyətinin gücləndirilməsi üçün yerli özünüidarəetmə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi prioritet məsələyə çevrilib. Bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da nəzərdə tutulan vəzifələrdən biridir.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, bələdiyyələrdə elektron uçotun həyata keçirilməsi ilə bağlı VN-in sifarişi əsasında “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması bələdiyyələrdə geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcələrə ödənilməsinə xidmət edəcəkdir.
 
“Yerli vergi ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilir. Həmin layihə 8 bələdiyyədə (Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən, Biləcəri bələdiyyələrində, Abşeron rayonunun Saray bələdiyyəsində, Sumqayıt şəhərinin Sumqayıt bələdiyyəsində və Şəmkir rayonunun Şəmkir bələdiyyəsində) icra olunur. Pilot layihə həyata keçirilən bələdiyyələrdə proqram təminatı quraşdırılıb və 14 minə yaxın yerli vergilərin ödəyicisinin BVİS-də elektron qaydada uçota alınması təmin edilib. Müvafiq proqram təminatının istifadə qaydalarını əks etdirən “Azərbaycan Respublikası Bələdiyyə Vergi İnformasiya Sistemi (BVİS)” adlı istifadəçi təlimatı da hazırlanıb” – deyə nazirlikdən bildirilib.
 
 
SEYMUR




01/09/14    Çap et