Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Abşeron rayonunda internetlə təmin olunmaq istəyən vətəndaşların bu istəyi bir gün ərzində reallaşdırılır”


“Abşeron rayonunda internetlə təmin olunmaq istəyən vətəndaşların bu istəyi  bir gün ərzində reallaşdırılır. Rayon ərazisində fəaliyyət göstərən ATS-lərdə boş portlar mövcuddur və internet əldə edilməsində heç bir problem yoxdur”.
 
 “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Abşeron TKQ-nin baş mühəndisi Sahib Əliyev bildirib. O qeyd edib ki, rayon üzrə  30 ATS-in 28-də kifayət qədər boş portlar mövcuddur.
 
 S.Əliyevin sözlərinə görə, operativlik sayəsində hər bir vətəndaş səhər saatlarında müraciət etdiyi təqdirdə axşam öz mənzilindən rahatlıqla internetə daxil ola bilər:
 
“Bu gün internetə qoşulma zamanı abonentlərin özündən asılıdır. Bir çox vətəndaş modemini gətirərək qeydiyyatdan keçir, sənədləşməni aparır və günün sonunda da rahatlıqla internetə daxil olur. Bəziləri isə gəlib sənədləşməni aparır, amma deyir ki, hələ 3 gündən sonra özünə modem alacaq. Belə olduqda da məhz abonentin özündən asılı olaraq internetə qoşulma yubanır”.
 
Digər 2 ATS-in isə küçə tipli ATS olduğunu vurğulayan S.Əliyev onlarda mövcud olan portların bitdiyini deyib:
 
 “Bunlardan biri Xocəsən ATS-dir ki, burada 304 internet istifadəçisi var. Digəri isə Quşçuluq yaşayış massivinin Nəvai küçəsindəki küçə tipli ATS-dir ki, burada da 288 nəfər internetlə təmin edilib. Qeyd edim ki, sözügedən ATS-lərə əlavə avadanlıq quraşdırmaq üçün daxili imkan yoxdur. Yəni həmin avadanlığı genişləndirmək və əlavə internet portları quraşdırmaq fiziki cəhətdən mümkün deyil. Bununla belə, sözügedən ərazilərdə  əhaliyə yüksəkkeyfiyyətli internet xidmətləri təqdim edilir”.
 
S.Əliyev onu da əlavə edib ki, hazırda Abşeron rayonundakı ATS-lərdə  “Aztelekom.net” üzrə 9424 montaj tutumlu portlar mövcuddur. Onlardan da 8908-i istifadədir: “Bu gün 516 ədəd istifadəsiz montaj tutumlu port var. Ona görə də bir daha vurğulamaq istəyirəm ki, rayon ərazisində internetlə təmin olunmasında heç bir problem yoxdu. İstənilən şəxs müraciət edərək gün ərzində internet əldə edə bilər”.
 
Seymur Qasımbəyli




02/09/14    Çap et