Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Əli Abbasov “Areva”nın ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın  atom  energetikası  sahəsi üçün  avadanlıqlar istehsal edən dünyanın tanınmış şirkəti "Areva"-nın ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
 
Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini xatırladan nazir Əli Abbasov Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı fransalı prezidentin nüvə enerjisi və bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarına toxunduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycanda nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə energetikası üzrə tədqiqatların aparılması planlarından söz  açan  nazir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin gələcək fəaliyyətində nüvə enerjisinin sülh və dinc məqsədlərlə istifadə ediləcəyini, artıq bu sahədə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE), Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə əməkdaşlığa başlandığını nəzərə çatdırıb.

Nazir ölkəmizdə qurulması planlaşdırılan Tədqiqat nüvə reaktorunun, həmçinin regiondakı ölkələrin alimləri tərəfindən də istifadə edilə biləcəyini və buranı regional mərkəzə çevirmək arzularında olduğunu vurğulayıb.    


"Areva" nümayəndə heyətinə rəhbərlik edən "Areva"nın Mərkəzi Asiya və Türkiyə nümayəndəliyinin sədri Abbas Cəlali Cəfəri "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili, tənzimlənmənin qurulması və s. kimi işlərə başlamanın vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı "Areva" şirkətinin təklifləri müzakirə olunub.  
 
Sonda maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərin sürətləndirilməsi və fəallığın daha da artırılması qərara alınıb.
 
 




03/09/14    Çap et