Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yaşla bağlı xəstəliklərə qarşı dərmanların hazırlanmasına 750 milyon dollar qoyacaq


“Google” şirkətinin biotexnologiyalar sahəsində ixtisaslaşan "Calico” bölməsi “AbbVie” bioəczaçılıq şirkəti ilə yaşla bağlı xəstəliklərin, xüsusilə nevrodegenerativ pozğunluğun tədqiqi və müalicəsi üsullarının hazırlanmasında əməkdaşlığa dair razılıq əldə edib. Bu barədə “AbbVie”in məlumatında deyilir.
 
Layihənin ilkin mərhələdə maliyyələşdirilməsi hər iki tərəfdən 250 milyon dollar təşkil edəcək, gələcəkdə şirkətlər daha 500 milyon dollar yatıracaq.
 
Sazişə görə, “Сalico” San-Fransiskoda dərmanların kəşfinin başlanğıc mərhələsində və onların sınaqlarında ixtisaslaşan mərkəz açacaq. “AbbVie” dərmanların sonrakı mərhələlərdə hazırlanması və sınaqdan keçənlərin satışı ilə bağlı öz üzərinə öhdəlik götürüb.
 
2014-cü ilin yazında "The Wall Street Journal” nəşri "Google” şirkətinin “Əsas tədqiqat” adlanan qlobal layihəsi barədə məlumat verib.
 
100 alimin cəlb olunduğu layihənin məqsədi həkimlərə insanlarda ölümcül xəstəliklərin ilkin mərhələlərdə inkişafını müəyyənləşdirməkdə kömək etməkdir. Ümumilikdə isə tədqiqatda min nəfərin iştirakı planlaşdırılır. Alimlər “Google” kontakt linzalarının, eləcə də “Google X” bölməsi tərəfindən hazırlanan cihazların köməyi ilə ürək döyüntülərinin artmasını, ürəyin ritmini və insan qanında oksigenin səviyyəsini müəyyən edəcəklər. Beləliklə, alimlər ilkin mərhələdə olan yüzlərlə insan xəstəliyi nümunələrini toplayaraq sonradan “Google” kompüterləri ilə təhlil etməyi nəzərdə tuturlar.   
 
Layihənin həyata keçirilməsini ABŞ-ın aparıcı tibb institutlarının müşahidə şuraları izləyir. Hazırda layihənin müddəti və ilkin nəticələr barədə məlumat verilmir.
 
“Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   
 
“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, - “ www.itar-tass.com” yazır.
 
 




04/09/14    Çap et