Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda biotexnologiyanın inkişafı, biotəhlükəsizlik sisteminin yaradılması müzakirə olunub


İran İslam Respublikasının Kərəc şəhərində dünya şöhrətli alim, Nobel mükafatı laureatı Norman Borlauqun 100 illik yubileyinə həsr olunmuş “Tarla bitkiləri üzrə 1-ci beynəlxalq və 13-cü İran milli elmi konfransı” başa çatıb.
 
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərov və institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov iştirak ediblər.
 
AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Günel Kamallının sözlərinə görə, konfransa, həmçinin ABŞ, Avstraliya, Fransa, Cənubi Afrika, Pakistan, Hindistan və digər ölkələrdən bir çox alim və mütəxəssis qatılıb. Konfransdan sonra İran Elmi Tədqiqat Aqrar Biotexnologiya İnstitutu (ETABİ) və İran Milli Genbankında yerli alim və rəhbər heyətlə müzakirələr davam etdirilib və birgə tədqiqatların aparılması üçün prioritetlər müəyyənləşdirilib.
 
Azərbaycanda aqrar biotexnologiya, molekulyar genetika, genomika və molekulyar fiziologiya sahələrinin inkişaf etdirilməsi, o cümlədən, aqrar sahədə gen mühəndisliyinin nailiyyətlərindən istifadə  və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sisteminin yaradılması üçün İran, Yaponiya və s. ölkələrin alimləri ilə tədqiqatların aparılması, öyrədici seminarların təşkil olunması, kadr hazırlığı və beynəlxalq layihələrdə birgə iştirakın təmin olunması da geniş müzakirə olunmuşdur.
 
 Görüşlər zamanı İran ABETİ ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb. 
 
 
Həqiqət İSABALAYEVA




05/09/14    Çap et