Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron erada qiymətli kağızlarla ticarət-tənzimləmə, rəqabət və texnologiyalar” mövzusunda XI Beynəlxalq konfrans keçirilib


Bakıda Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının (AMDA) XI Beynəlxalq konfransı keçirilib. “Elektron erada qiymətli kağızlarla ticarət-tənzimləmə, rəqabət və texnologiyalar” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən təşkil edilib.
 
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı ölkəmizin AMDA-nın toplantısına ev sahibliyi etməsini yüksək qiymətləndirərək, informasiya texnologiyaları formalaşdığı dövrdən onun kapital bazarlarının inkişafında oynadığı rolu, eləcə də, müsbət cəhətləri haqqında ətraflı məlumat verib.  
 
R.Aslanlı Azərbaycanın dinamik və dayanıqlı inkişaf yolu keçdiyini qeyd edərək, ölkənin maliyyə sektorunda dərin islahatların aparıldığını, nəticədə yetərli kapitallaşmış, riskləri yaxşı idarə olunan, effektiv tənzimlənən dayanıqlı maliyyə vasitəçiliyi sistemi, eləcə də modern və avtomatlaşdırılmış əməliyyat infrastrukturunun formalaşdığını vurğulayıb.
 
 Komitə sədri Assosiasiyanın Bakı konfransının yeni çağırışlar prizmasından çox aktual mövzu ətrafında qurulduğunu və müzakirəsi nəzərdə tutulan məsələlərin həlli ilə bağlı universal prinsiplərin müəyyən edilməsi istiqamətində əhəmiyyətli addım atılacağına ümidvar olduğunu bildirib. Daha sonra tədbirdə iştirak edən Almaniya, Böyük Britaniya, Lüksemburq, BƏƏ, Türkiyə, Rusiyanın, Qazaxıstan, Ukrayna, Belorus, Gürcüstan və Özbəkistanın maliyyə sektoru üzrə təcrübəli ekspertləri tərəfindən elektron erada aparılan ticarət və post-ticarət əməliyyatlarının tənzimləyici orqanlar və peşəkar iştirakçılar qarşısında qoyduğu yeni məqsədlər və hədəflər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
 
 
Qeyd edək ki, sözügedən tədbir AMDA-nın ənənəvi olaraq hər il təşkil edilən konfransları Müstəqil Dövlətlər Birliyi ölkələrinin, Avropa və Asiyanın mərkəzi depozitar təşkilatlarının, eləcə də, investisiya bankları və peşəkar birliklərinin nümayəndələrinin iştirakı ilə keçirilir.
 
 
Həqiqət İSABALAYEVA




05/09/14    Çap et