Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ universitetləri rəqəmli valyutaları öyrənəcək


Cari tədris ilindən etibarən ABŞ-ın Nyu-York və Dyuk universitetləri “Bitcoin” və digər rəqəmli valyutaların öyrənilməsi üzrə kursları öz proqramlarına əlavə ediblər. Hər iki universitet ABŞ-ın ən yaxşı ali məktəblərinin birinci və ikinci onluğunda stabil yer tutur.  
 
Nyu-York Universitetində rəqəmli valyutaların hüquqi və iqtisadi cəhətlərinin öyrənilməsi üzrə kursa artıq bu payız başlanacaq. Kursa “Bitcoin” şəbəkəsinin fəaliyyətinin texniki əsasları, istifadəçi üçün kriptovalyuta ilə işin bazası, sistemin fəaliyyəti ilə bağlı hüquqi və iqtisadi məsələlər, “Bitcoin” tarixi, onun ənənəvi pullarla müqayisədə üstünlükləri və çatışmazlıqları, eləcə də digər qeyri-dövlət ödəniş və pul sistemləri haqqında qısa icmal daxildir.
 
Dyuk Universitetində kriptovalyuta üzrə kursun növbəti ilin yazında fəaliyyətə başlaması gözlənilir. Kurs həm universitetin hüquq və biznes məktəbinin tələbələri, həm də kompüter elmlərini öyrənənlər üçün nəzərdə tutulub.
 
Universitet müəllimləri qeyd edirlər ki, kursların yaradılması zamanı ən ciddi problemlərdən biri həm kriptovalyuta, həm də konkret “Bitcoin”a həsr olunan nüfuzlu elmi məqalələrin yazılmaması ilə bağlı olub. Onların fikrincə, rəqəmli valyutaların böyük gələcəyi var və alimlərin bu fenomenə diqqət yetirməsi vaxtı yetişib.
 
Məlumat üçün bildirək ki, kriptovalyuta (Cryptocurrency) emissiya və uçotu kriptoqrafiya üsulları və asimmetrik şifrləməyə əsaslanan rəqəmli valyuta növüdür. Sistem bölüşdürülmüş kompüter şəbəkəsində mərkəzdən uzaq şəkildə fəaliyyət göstərir, - "NEWSru.com” yazır.  
 




08/09/14    Çap et