Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

YTTM-də möhkəmliyi dəfələrlə artırılmış və elektrik xassələrinə malik nanokompozitlər alınıb


“Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin  (YTTM) prioritet istiqamətlərindən biri də karbon nanotexnologiyasının Azərbaycanda yaradılması, karbon nanostrukturlarının alınması, tədqiqi, kütləvi istehsalı və tətbiqi məsələləridir.

Mərkəzin laboratoriyasında Aerozol CVD metodu ilə yüksək təmizliyə malik bir və çoxdivarlı karbon nanoboruları sintez olunub”.  
 
Bu fikirləri “ICTnews" elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Elmi Tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov söyləyib. R.Cabbarov bildirib ki, xüsusi hazırlanmış aerozol CVD avadanlığında karbon nanoboruları metal katalizatorun iştirakı ilə sintez olunur. Onun sözlərinə görə, karbon nanoboruların dəmir atomları və maqnetitlərlə tam və ya qismən doldurması möhkəmlilik xassələri poladdan çox üstün olan karbon nanoborularının elektromaqnit xassəsinə malik olmasına imkan verir.
 
 
R.Cabbarov onu da bildirib ki, mərkəzdə polimerlərə karbon nanoborularını kimyəvi və mexaniki üsullarla çox kiçik miqdarda əlavə etməklə möhkəmliyi dəfələrlə artırılmış və elektrik xassələrinə malik nanokompozitlər alınıb: “Nanokompozitlərin neft sənayesində və inşaatda istifadə olunan polimer boruların və eləcə də digər inşaat materiallarının hazırlanmasında istifadə olunması nəzərdə tutulur. Alınan nanostrukturların maşınqayırma, elektronika və ekologiya sahəsində də (geniş profilli nanofiltrlər) tətbiqi mümkün olacaqdır”.
 
 
 
Seymur Qasımbəyli
 
 
 
 




08/09/14    Çap et