Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq


Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq. Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.

Məlumatı Gəncənin icra başçısı Elmar Vəliyev də təsdiqləyib: “Artıq layihə hazırlanıb, yYaxın günlərdə ictimaiyyətə təqdim olunacaq, ilin sonuna şəhərdə internet istifadəçiləri pulsuz internetdən yararlanacaqlar. İlkin mərhələdə hava limanından şəhərin çıxışına - Qala Qapıları: Arxeologiya və Etnoqrafiya muzeyinə qədər olan ərazi tamamilə internetlə təmin ediləcək. Həmçinin hazırda vətəndaşlarımızın daha çox toplandığı H.Əliyev park kompleksinin ərazisində və İcra Hakimiyyətinin qarşısında yerləşən H. Əliyev meydanı ərazisindən ADAU-ya qədər ərazi, buraya GDU-nun da ərazisi daxildir, 500 metr radiusda tamamilə internetlə təmin ediləcək”.
 
 
Layihənin ikinci və üçüncü mərhələsinin reallaşmasıyla şəhərin bütün hissələrində internetə çıxış təmin ediləcək. Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərinin dəstəyi və ADAU-nun İnnovasiya Mərkəzinin köməyilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılmalıdır.
 
 Layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. “Wi-Fi” istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar. 
 
Qeyd edək ki, hazırda sözügedən şəhərdə 21 mindən çox genişzolaqlı internet istifadəçisi var.
 
RƏVAN




08/09/14    Çap et