“Elektron hökumət” portalına daxil olanların sayı 850 min nəfəri ötüb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin avqust ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 157 077 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 852 585 nəfər olub. Belə ki, 852 585 nəfər ümumən 2 157 077 dəfə portala baxıb və 3 735 355 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 7 231 983 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 12 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 39.6%-ni yeni istifadəçilər, 60.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Müqayisə üçün avqust ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 543 544 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 198 690 nəfər olub. Həmin şəxslər 2 218 933 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1149 895 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 27 saniyə təşkil edib. Avqust ayı ərzində portala müraciət edənlərin 25%-ni yeni istifadəçilər, 75%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 120253-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 365 ədəd olub.
CAHANGİR