Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda internet bazarında yeni tendensiyaların müzakirəsinə həsr olunmuş beynəlxalq forum keçirilir


Bu gün Bakıda beynəlxalq "Eurasia Network Operators Group 8" forumu işə başlayıb.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə son zamanlar yüksək texnologiyalar sektorunda əldə edilən nailiyyətlərdən danışıb.
 
"Elektron hökumət" proqramının uğurlu tətbiqi nəticəsində ölkənin bütün regionlarında yaşayan insanların  elektron xidmətlərdən istifadəsi təmin edilib. Bununla yanaşı,  ən son informasiya texnologiyalarının ölkədə tətbiqinə imkan yaradılıb. Bu gün simsiz və fiber-optik kabellər üzərindən internetə çıxış imkanı yaradılıb, artıq internet, insanlar arasında əlaqə vasitəsi olmaqla yanaşı,  biznesin inkişafına təkan verən bir alətə çevrilib. Bu cür forumların keçirilməsi bizim yüksək texnologiyalar sektorunun inkişafı istiqamətində həyata keçirdiyimiz işlərə yeni töhfələr verir", - deyə nazir müavini qeyd edib.

Tədbirdə "Rəqəmli ipək yolunu yaradaraq" mövzusunda məruzə ilə "Renesys/Dyn" şirkətinin nümayəndəsi Jim Kaui, "CloudFlare"də kontentin çatdırılması şəbəkəsi trafikinin təmin edilməsi" məruzəsi ilə "CloudFlare" şirkətinin nümayəndəsi Martin Livay,"İPv6 protokolunun tətbiqi üzrə praktiki tövsiyələr" məruzəsi ilə "RİPE NCC" təşkilatının nümayəndəsi Marko Hoqenvoninq və digər ekspertlər çıxış ediblər.
 
Aynur Vəliyeva
 
 
 




09/09/14    Çap et