Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın illərdə Azərbaycanda internet əhalinin 85 faizini əhatə edəcək


Azərbaycanda Milli genişzolaqlı internetin inkişafı proqramı çərçivəsində yaxın illər ərzində ölkə əhalisinin 85 faizinin internetlə təmin edilməsi nəzərdə tutulub.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu gün Bakıda keçirilən “TLDCON' 2014” konfransı çərçivəsində çıxış edərək bunları qeyd edib:

“Bu gün bütün dünyada e-government tətbiq edilir və bu prosesdə əsas rolları domenlərin tənzimlənməsi məsələsi, internet təhlükəsizliyi oynayır. Vətəndaşlar elektron dövlət xidmətlərinə müraciət etdikdə öz şəxsi məlumatlarının təhlükəsizliyindən əmin olmalıdırlar və yeni sistemlərə etibar etməlidirlər. Azərbaycanda internetin inkişafına böyük əhəmiyyət verilir və bu prosesdə biz uğurlu dünya praktikasına arxalanırıq, nəticə olaraq ölkədə internetin inkişaf səviyyəsi yüksəlir və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərini pozitiv istiqamətdə yüksək templərlə dəyişir. Bu il Azərbaycanın yeni “İnformasiya cəmiyyətinin inkişafı strategiyası” təsdiq edilib və bu strategiyanın uğurlu tətbiqi nəticəsində biz ölkədə internetin daha da sürətlə inkişafına nail olmağa ümid edirik. Bu günədək görülən işlər nəticəsində milli domenlərin onlayn qeydiyyat sistemi istifadəyə verilib və domen qeydiyyatında yüksək templərlə artım müşahidə olunub. Ölkə əhalisinin 73 faizi internet xidmətlərindən, onlardan da 55 faizi genişzolaqlı internet xidmətlərindən istifadə edir”, - deyə nazir müavini qeyd edib.

E. Vəlizadənin sözlərinə əsasən, yaxın gələcəkdə ölkə yaşayış məntəqələrinin fiber-optik internet şəbəkələri  əhatəsi hazırkı 50 faizdən 100 faizədək artırılacaq.


Aynur Vəliyeva
 
 




10/09/14    Çap et