Qeyd edək ki, bir müddət əvvəl daxili işlər orqanları kibercinayətkarlıqla mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Belə ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ölkəmizin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Çin Xalq Respublikasının vətəndaşları - 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər.
Saxlanılan şəxslərin qaldığı "Ariva" mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, "skimmer" aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat ziyan vurublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.