Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beynəlxalq ekspertlər TASİM layihəsinin qədim “İpək Yolu” marşrutu ilə həyata keçirilməsini mütərəqqi ideya hesab edirlər
Beynəlxalq ekspertlər Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan "Trans-Avrasiya Super informasiya Magistralı"nın (TASİM) qədim "İpək Yolu" marşrutu ilə həyata keçirilməsini mütərəqqi ideya hesab edirlər.
"Renesys/Dyn" şirkətinin baş elmi məsləhətçisi Ceyms Kouinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda müxtəlif fiber-optik internet kabel magistralları arasında böyük rəqabət müşahidə olunur.
"Hazırda dünyada fiber-optik magistrallara böyük tələbat var və Azərbaycanın coğrafi mövqeyini nəzərə alsaq, görərik ki, bu ölkənin böyük potensialı mövcuddur. Biz Azərbaycan üzərindən keçəcək bir sıra layihəni nəzərdən keçiririk. Azərbaycanla Gürcüstan arasında mövcud olan fiber-optik internet şəbəkəsi region üçün böyük əhəmiyyət kəsb edir. Şərqi Afrika və Yaxın Şərqdən başlayaraq dünyanın digər ölkələri ilə arabağlantı təşkil edən EPEG layihəsinin Azərbaycan üzərindən keçməsi də ölkəyə üstünlük verir. TASİM layihəsinə gəldikdə, deməliyəm ki, bu layihənin dövlət tərəfindən dəstəklənməsi çox təqdirəlayiq haldır və layihənin yaxın illərdə reallaşdırılması məni şad edir. Layihənin Xəzəraltı seqmentinin tikintisi regionda trafikin ötürülməsi üçün vacib olan və mozaikanın çatışmayan bir hissəsidir. Bu cür magistrallara böyük tələbat var və o, alternativ informasiya şəbəkəsi kimi istifadə edilə bilər", - deyə o bildirib.
"Ola bilsin ki, yerli istifadəçilər dil yaxınlığını nəzərə alaraq Türkdilli kontentə üstünlük versinlər, ola da bilər ki, bu, Almaniyada hazırlanan kontent olsun. Ümumilikdə götürsək, əsas hostinq serverləri ABŞ-da, Qərbi Avropada yerləşir. Məlumat ötürülməsi sürətini millisaniyə ilə ölçsək, Kaliforniyayadək bu 200 millisaniyə olacaq. Məlumat ötürmə sürətini artırmaq üçün isə iki variantdan istifadə etmək olar, onlardan biri daha sürətli magistralın tikintisidir. Bu halda TASİM-in reallaşdırılması sürətin artırılmasına müsbət təsir göstərəcək. İkinci variant isə kontentin istifadəçinin yaşadığı ölkədən reallaşdırılmasıdır. İdeal halda bütün məlumatlar gərək Azərbaycanda toplansın və bunun üçün təbii ki, ölkədə və ya regionda data mərkəzin yaradılması lazımdır. Məhz buna görə də bir çox ölkələrdə milli informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni data mərkəzlərinin sayı artır. Azərbaycanın tələbatlarını ödəmək üçün bir neçə xidmət təchizatçısının iştirakı ilə neytral data mərkəzinin yaradılması məqsədəuyğundur" - deyə o qeyd edib.
Aynur Vəliyeva
11/09/14 Çap et