Yer kürəsi əhalisinin 1 faizi “LTE” xidmətlərindən istifadə edir
"Ovum" analitik şirkətinin 2014-cü ilin ikinci rübünə olan məlumatına görə, dünyada "LTE" şəbəkəsi abunəçilərinin sayı 280 milyon təşkil edib ki, bu da mobil rabitə şəbəkələrinə qoşulmaların (7 milyard) ümumi sayının 4 faizinə bərabərdir.
"LTE" texnologiyası üzrə qoşulmaların 45 faizi Şimali Amerikanın, 36 faizi Asiya-Sakit okean regionunun, 13 faizi Qərbi Avropanın payına düşüb.
"Ovum"un baş analitiki Kristin Paulin sözlərinə görə, hazırda "LTE" şəbəkəsi dünyanın 100-dən çox ölkəsində quraşdırılıb və bu sayın artacağı gözlənilir. Belə ki, ilin sonunadək 30 mobil rabitə operatoru "4G" rabitəsi xidmətlərini göstərməyə başlamağı planlaşdırır.
O, daha sonra əlavə edib ki, "LTE" bazarında sürətli artım tədricən zəifləyir. 2012-2013-cü illərdə "LTE" abunəçi bazası 179 faiz artıb, 2013-2014-cü illərdə isə onun 95 faiz artaraq 386 milyon abunəçiyə çatacağı gözlənilir.
"ABI Research" tədqiqat şirkətinin proqnozlarına görə, 2019-cu ildə "LTE" xidməti abunəçilərinin sayı 2 milyardı ötməklə auditoriyanın ortaillik artım tempi 43 faiz təşkil edəcək. Bu müsbət dinamikaya daha çox töhfəni artımın yarısını təmin edəcək Asiya-Sakit okean regionu verəcək. Təxminən 19 faiz Şimali Amerikanın payına düşəcək.
"Ovum"un son hesabatında deyilir ki, cari ilin ikinci rübündə Şimali Amerika "LTE" abunəçilərinin sayı 15 milyon artaraq 127 milyona çatıb. Mobil rabitələrə qoşulmaların hər üçüncüsü "LTE" texnologiyası əsasında həyata keçirilir.
ABŞ və Kanada bu standartlı 49 kommersiya şəbəkəsinin quraşdırıldığı iri "LTE" bazarıdır. Yerli əhalinin 36 faizə yaxını "4G" servisindən istifadə edir ki, bu da dünyada ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, Qərbi Avropada "LTE"-nin nüfuzetmə səviyyəsi 8 faiz, Asiya-Sakit okean regionunda 3 faiz təşkil edir. Ümumdünya göstəricisi isə 1 faizə bərabərdir, - "
www.dailycomm.ru" yazır.