Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Curiosity” kosmik aparatı missiyasının başlıca məqsədinə çatıb
ABŞ-ın "Curiosity" kosmik aparatı Mars planetində missiyasının başlıca məqsədinə - Eolid dağına (qeyri-rəsmi adı Şarp dağı) çatıb və yaxın günlərdə qazma işlərinə başlayacaq. Bu barədə Vaşinqtonda mətbuat konfransında ABŞ Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsinin (NASA) planetar tədqiqatlar üzrə direktoru Cim Qrin deyib.
C.Qrinin sözlərinə görə, təxminən iki il əvvəl Mars planetinə eniş edən "Curiosity" süxur nümunələrini götürərək onun strukturunu və kimyəvi tərkibini müəyyən edəcək. Aparat bu vəzifənin icrasına artıq gələn həftədən başlayacaq.
O qeyd edib ki, Eolid dağı diametri 150 km təşkil edən Qeyl kraterində yerləşir. "Bu yüksəklik alimlərdə Qırmızı planetin səthi haqqında daha aydın təsəvvür yaratmağa imkan verəcək yeni süxurların tədqiqi baxımından böyük maraq doğurur", - "NASA" nümayəndəsi vurğulayıb. Onun fikrincə, missiyanın yerinə yetirilməsi ətrafında çoxlu sirlər dolaşan Marsın öyrənilməsində yeni mərhələ açacaq.
"Curiosity" layihəsinin rəhbərlərindən biri Kaliforniya Texnoloji İnstitutunun alimi Con Qrotzinqer deyib ki, "Curiosity"nin endiyi yerdən 8 km uzaqlıqda yerləşən Eolid dağına səyahəti uzunmüddətli və çətin olub, çünki aparat məqsədinə çatmaq üçün öz yolunda dəfələrlə maneələrə rast gəlib.
Bu, "Curiosity"nin Marsda aparacağı sayca üçüncü qazma olacaq. Kosmik aparat sonuncu dəfə öz qazma qurğusundan 2014-cü ilin əvvəlində Qeyl krateri yaxınlığında, ondan əvvəl isə 2013-cü ildə Marsda eniş yeri yaxınlığında yerləşən kiçik süxurda istifadə edib. Süxurdan alınan nümunələr qədim gölün mövcudluğunu sübut edib.
"NASA" mütəxəssisləri hesab edirlər ki, bu dəfə də "Curiosity"nin köməyi ilə alimlər Mars haqqında qiymətli məlumatlar əldə edəcək. Aparatın Eolid dağının tədqiqi üzrə missiyasının iki ay davam edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-ın "Curiosity" kosmik aparatı Marsa 6 avqust 2012-ci ildə eniş edib. Aparatın üst səthində müxtəlif cihazlarla təchiz edilən 74 kiloqramlıq elmi laboratoriya quraşdırılıb. Onların köməyi ilə aparat süxur növlərini tədqiq edir. Ekspedisiyada başlıca məqsəd Marsda nə vaxtsa həyatın bu və ya digər formada yaranması üçün şəraitin aşkar edilməsidir.
Aparatın uzunluğu 2,8 metr, çəkisi 900 kiloqram təşkil edir. "Curiosity" "NASA" tərəfindən indiyədək Qırmızı planetin üzərinə buraxılan bütün aparatları uzunluğuna görə 2 dəfə, ağırlığına görə 5 dəfə üstələyir. Bu elmi laboratoriya diametri 50 santimetr təşkil edən üç cüt təkərə malikdir və onlardan hər biri fərdi güс qurğusu ilə hərəkətə gətirilir. Aparatın ön və arxa tərəfləri xüsusi dönmə mexanizmləri ilə təchiz edilib. "Curiosity" hündürlüyü 75 santimetr olan maneələri dəf edir və yerində 360 dərəcə tam dönə bilir.
"NASA" Qırmızı planetdə ümumilikdə 687 Yer günü qalacağı planlaşdırılan "Curiosity" layihəsinə 2,5 milyard dollar vəsait xərcləyib, - "İTAR-TASS" yazır.
12/09/14 Çap et