Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Onlayn Media 2014” müsabiqəsinə start verilib
Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində
“Onlayn Medianın inkişafına dəstək” layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsinə start verilir.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihənin məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşəkarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.
Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlığının artırılması ilə bağlı treninqlər təşkil olunacaq. Bir həftə davam edən təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.
Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Onlayn Media Müsabiqəsinə ölkədə elektron hökumət quruculuğu, İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-nin müxtəlif sahələrdə tətbiqinə aid onlayn media qurumlarında dərc olunan yazılar təqdim olunacaq.
Bu müsabiqə çərçivəsində “Twitter” mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız “#ehokumət” və “#etehsil” həştəqləri ilə yazılacaq.
Onlayn media müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , “Nar Mobile” və “SİNAM” şirkətlərinin
dəstəyi ilə həyata keçirilir.
Aynur Vəliyeva
16/09/14 Çap et