Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Baku Science Week (BSW 2015)” adlı fənlərarası elmi forum keçiriləcək


Gələn il ölkəmizdə “Baku Science Week (BSW 2015)” adlı fənlərarası elmi forumun keçirilməsi nəzərdə tutulur.

Foruma hazırlıq işləri ilə əlaqədar AMEA Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və şura üzvü, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov sentyabrın 8-dən 12-nə qədər Moskva şəhərində Rusiya Elmlər Akademiyasının (REA) Gənc Alimlər Şurası tərəfindən keçirilən “Fənlərarası elmi forum”da iştirak ediblər.
 
AMEA-dan verilən məlumata görə, tədbirdə Famin Salmanov müasir elmi tədqiqatların aparılmasında fənlərarası yanaşmanın əhəmiyyətindən danışıb və qeyd edib ki, son zamanlar Azərbaycanda da multidisiplinar tədqiqatlara üstünlük verilir. Bildirib ki, bu ilin oktyabr ayında Bakıda keçiriləcək beynəlxalq elmi konfransın mövzusu “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidisiplinar tədqiqatların rolu”dur.
 
Qeyd edək ki, “Baku Science Week” forumunun təşkil olunmasında məqsəd gənc və yaşlı alimlər arasındakı konstruktiv dialoqun təşkil olunması, elm, hökumət və biznes nümayəndələrinin bir araya gətirilməsi problemində informasiya və kommunikasiya platformasının təmin olunmasıdır.
 
Forumda, həmçinin Azərbaycanın ayrı-ayrı təşkilatları arasında elm, informasiya və istehsalat sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi perspektivləri müəyyənləşdiriləcək. Forum çərçivəsində GAMŞ-ın beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə REA-nın Gənc Alimlər Şurası ilə gələcək müştərək elmi-ictimai fəaliyyətlə bağlı müzakirələr aparılıb və bu ilin oktyabr ayında ölkəmizdə ikitərəfli əməkdaşlığa dair müqavilənin bağlanmasında ümumi razılıq əldə olunub.
 
 
Həqiqət İSABALAYEVA




16/09/14    Çap et