Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron dövlətin informasiya təhlükəsizliyinin situasiya idarəetməsi üçün konseptual model üzərində işlər aparılır
Elektron dövlətin informasiya təhlükəsizliyinin situasiya idarəetməsi üçün konseptual model üzərində işlər aparılır. Həmçinin milli kibertəhlükəsizlik strategiyalarının işlənilməsi sahəsində ən yaxşı təcrübənin aşkarlanması məqsədi ilə mövcud milli kibertəhlükəsizlik strategiyaları müqayisəli analiz edilir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev məlumat verib. İTİ-dən verilən məlumata görə, AMEA Rəyasət Heyətində İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə hesabatlar təqdim olunur. Hesabatlarda 2015-ci ildə araşdırılacaq elmi problemlər müzakirə olunur, kadr potensialının artırılması, elmi fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılır, şöbələrin fəaliyyəti qiymətləndirilir.
Bu məqsədlə rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edərək öncə elmi-tədqiqat işləri haqqında məlumat verən Y.İmamverdiyev internet trafikində trendlərin aşkar edilməsi üçün ardıcıl şablonların aşkarlanması alqoritminin istifadəsi əsasında üsul təklif olunduğunu bildirib. Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi “AzScienceNet”-in Monitorinq və Təhlükəsizlik Xidməti və “AzScienceCERT” üzrə bir sıra mühüm işlərin yerinə yetirildiyini nəzərə çatdırıb, təqdim olunmuş qrant layihələrdən söz açıb.
Y.İmamverdiyev, həmçinin elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri və şöbənin beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlər haqda ətraflı məlumat verib. Şöbənin hesabatı qənaətbəxş hesab olunub, təklif və tövsiyələr səsləndirilib.
Onu da qeyd edək ki, İTİ-də elmi fəaliyyətin və kadr potensialının gücləndirilməsi, Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası, qabaqcıl texnologiyaların ölkəmizə transformasiyası qurumun başlıca hədəflərindəndir.
Həqiqət İSABALAYEVA
17/09/14 Çap et