Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” yeni əməliyyat sistemini təqdim edib
"Apple" şirkəti "iOS 8" platformasını təqdim edib . Yeni əməliyyat sistemi görünüşcə əvvəlki "iOS 7"dən köklü fərqlənməsə də, amma istifadəçilər üçün bir neçə maraqlı imkan var.
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti "iPhone" smartfonu və "iPad" planşeti üçün "iOS 8" platformasını çıxarıb. "iOS" sisteminin yeniləməsi "iPhone 4s" və yuxarı, "iPad 2" və yuxarı, "iPad mini" və beşinci nəsil "iPod touch" ilə uyğundur. Beləliklə, "iPhone 4" sahibləri öz qurğularına "iOS 8" yeniləməsini yükləyə bilməyəcəklər.
"iPhone" və "iPad" qurğularına "iOS" yeniləməsini quraşdırmaq üçün qurğunu kompüterə qoşaraq "iTunes" proqramından istifadə etməklə və ya "Wi-Fi" vasitəsilə "Sazlamalar" menyusundan "Proqram təminatını yenilə" bəndini seçmək lazımdır.
"iOS 8" yeniləməsinin tutumu 1,4 QB təşkil edir. Yeniləmənin quraşdırılması üçün qurğuda 4-7 QB tutumunda boş disk sahəsi lazımdır.
"iOS 8" yeniləməsinin çıxarılması ilə "iPhone" və "iPad" istifadəçiləri bir neçə maraqlı imkandan istifadə etmək şansı əldə ediblər. Məsələn, tətbiqlərin daxilində axtarış imkanı, "iMessage" xidmətində səsli mesajların göndərməsi və sairə.
Məhz "iOS 8" yeniləməsinin çıxarılması ilə əlaqədar tərtibatçılar "App Store" onlayn mağazasında qanuni kənar klaviatura tətbiqləri yerləşdirmək imkanı əldə ediblər.
"iOS 8" platformasında "Healthkit" fitnes tətbiqi də əlçatan olub.
Emil Hüseynov
18/09/14 Çap et