Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan "startup"ları Rusiya ilə əməkdaşlığa dəvət edilir


Azərbaycanlı investorlar, o cümlədən "startuplar" Rusiyanın "Skolkovo" Fondunun innovativ layihələrinə maliyyə dəstəyi proqramının icraçı operator - fondu (VEB İnnovasiyalar) ilə əməkdaşlığa dəvət edilir.
 
Əməkdaşlıq təklifi ilə bağlı Rusiyanın İqtisadi İnkişaf  Nazirliyindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) məlumat daxil olub. AZPROMO-dan qeyd edilib ki, maraqlı iş adamları ətraflı məlumat üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 32, Bakı Biznes Mərkəzi) müraciət edə bilərlər.
 
 
Qeyd edək ki, "Skolkovo" Fondu (Yeni texnologiyaların hazırlanması və kommersiyalaşdırılması Mərkəzinin İnkişaf Fondu) Rusiyada İnnovasiya Mərkəzinin yaradılması layihəsini reallaşdırır.

Hesab edilir ki, "Skolkovo" İnnovasiya Mərkəzi Rusiya dövləti tərəfindən ölkədə "startup" və sahibkarlıq mədəniyyətini yaratmaq üçün başladılmış "Silikon Vadisi"nə rəqib olacaq bir layihədir. "Skolkovo" çərçivəsində innovativ layihələrin reallaşdırılması ilə bağlı beş istiqamət üzrə qrup yaradılıb. Buraya biotibb texnologiyaları; enerji-effektiv texnologiyalar; informasiya və kompüter texnologiyaları; telekommunikasiya və kosmik texnologiyalar və nüvə texnologiyaları klasterləri daxildir.
 
 
"Skolkovo" Fondunun əsas missiyası ekosistemin yaradılması, innovasiya prosesi üçün əlverişli şərait və şərtlərin formalaşmasını təmin etməkdir. Yaradılan bu şəraitdə iştirakçılar, o cümlədən alimlər, konstruktorlar, mühəndislər və biznesmenlər beş prioritet istiqamət üzrə dünya səviyyəsində rəqabətə davamlı, elmi tutumlu layihələrin yaradılması üzərində işləyirlər. Fondun strukturuna, həmçinin sənaye zonası - texnopark da daxildir.
 
 Layihədə 2020-ci ilə qədər 2,5 milyon kv. m sahədə 25 mindən çox insanın yaşaması və çalışması nəzərdə tutulub. İnnovasiya mərkəzinin ərazisində 2014-cü ilin sonuna kimi bir neçə min insanın işləyəcəyi gözlənilir.
 
"Skolkovo"nun büdcə maliyyələşdirməsi 2020-ci ilə qədər 125,2 milyard rubl təşkil edəcək. Bununla bağlı sənəd 13 avqust 2013-cü il tarixində Dmitri Medvedev tərəfindən imzalanıb. Eyni zamanda "Skolkovo" İnnovasiya Mərkəzinin yaradılmasına tələb olunan xərcin ən azı 50 faizinin şəxsi mənbələrdən cəlb edilməsi planlaşdırılır.
 
 Gözlənən nəticə - öz-özünü idarə və inkişaf etdirən, eyni zamanda qlobal bazarda müvəffəqiyyət qazanacaq şirkətlərin yaradılmasına imkan verən, ümumilikdə sahibkarlığın və tədqiqatların inkişafı üçün əlverişli ekosistemin qurulmasına nail olmaqdır.
 
 
Həqiqət İSABALAYEVA




18/09/14    Çap et