Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Meksika arasında gömrük işində informasiya-kommunikasiya texnologiyaları üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Meksikanın Puebla şəhərində keçirilən 9-cu Beynəlxalq PICARD (Gömrük sahəsində elmi tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı) konfransı başa çatıb.
ÜGT tərəfindən 2006-cı ildən etibarən hər il təşkil edilən PICARD konfransları gömrük mütəxəssisləri, gömrük tədqiqatları aparan müəssisələr, donor təşkilatları və beynəlxalq təşkilatlar üçün unikal platforma rolunu oynayır.
Bu beynəlxalq konfrans gömrük işi və beynəlxalq ticarət sahəsində akademik araşdırmaları, tədris prosesini və təcrübə mübadiləsini təşviq edir. Sayca 9-cu olan builki konfrans ÜGT, Meksika Gömrük Xidməti və Monterrey Texnologiya və Ali Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib və əsasən Ticarətin Asanlaşdırılması üzrə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Sazişinin beynəlxalq gömrük praktikasına təsiri, təchizat zəncirinin idarə olunması və qeyri-qanuni ticarətin qarşısının alınmasında gömrük xidmətlərinin rolu, həmçinin gömrük işi sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kimi mövzuları əhatə edib.
Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Komitədən bildirilib ki, səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev eyni zamanda Meksika Birləşmiş Ştatları Baş Gömrük İdarəsinin baş gömrük administratoru Alejandro Chacón ilə görüş keçirib. İki dövlət arasında ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən Aydın Əliyev bu əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüş zamanı gömrük xidmətləri arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, gömrük işinin bir sıra istiqamətləri üzrə, o cümlədən kinoloji sahədə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş" layihəsi üzrə müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
19/09/14 Çap et