Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Cybernet" şirkəti “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirib
Bakıda “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirilib.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbiri açıq elan edən “Cybernet” şirkətinin rəhbəri İlham Namazov bildirib ki, Azərbaycanın informasiya texnologiyaları bazarında İT məhsullara yüksək tələbat müşahidə olunur və ölkə bu sahədə böyük potensiala malikdir.
Forumda şirkətin digər məsul işçilərinin, “LucaNet” şirkətinin nümayəndələri Matteus Ebinal və Nazar Farmaqa, “Cybernet”in daxil olduğu “Synergy Group”un maliyyə meneceri Rüfət Cahangirov, “AtaBank”ın risk-menecment departamentinin direktoru Elman Sadıqov və digərləri təqdimatlarla çıxış ediblər.
“LucaNet” şirkətinin nümayəndələri çoxsahəli holdinqlərdə maliyyə hesabatlarının birləşdirilməsi üzrə təqdimatla çıxış ediblər. Spikerlər Avropa bazarlarında “LucaNet” məhsullarının inteqrasiya üzrə planları və təcrübələrini bölüşüblər. Onlar yerli bazarda “LucaNet” məhsullarının tətbiqinin üstünlüklərindən bəhs ediblər.
Məruzəçilər həmçinin Azərbaycanın maliyyə sistemində şirkətlərin əməliyyat sistemləri üçün risklərin qiymətləndirilməsinin və idarəedilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə “Cybernet”in kredit risklərinin hesablanması üzrə proqram təminatı haqda bəhs edilib. Ekspertlər bu proqramın strateji və kritik qərarların qəbul edilməsində səmərəli olduğunu qeyd ediblər.
Sonra ölkənin bank sektorunun nümayəndələrinin çıxışları, habelə risklərin təhlili sistemləri üzrə ixtisaslaşmış mütəxəssislərin rəyləri səsləndirilib.
Aynur Vəliyeva
19/09/14 Çap et