Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya-kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında müvafiq məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) genişləndirilmiş informasiya-kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb. Bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib.
Bu fikri Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayonunda təşkil etdiyi “Sosial sığorta ödənişi gələcəyinizin təminatıdır” adlı regional təqdimatda DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib.
Onun sözlərinə görə, sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar: “Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.
Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir”. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, F.Qədimov Azərbaycanda sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulduğunu da qeyd edib:
“İqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir. DSMF ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın - 1 milyon 285 min nəfər pensiyaçının, 2 milyon 865 min nəfərdən çox sığortaolunanın – sığorta-pensiya sistemində iştirakının müəyyən edilməsində mühüm rola malikdir. Sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb. 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib”.
Həqiqət İSABALAYEVA
19/09/14 Çap et