Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron Reyestrdə dövlət qurumları göstərdikləri bütün xidmətləri açıqlayacaq
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 11 sentyabr 2014-cü il tarixli Fərmanı ilə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri yaradılacaq.
Bu, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi daşıyır.
Beləliklə, dövlət qurumlarının hazırda göstərdikləri elektron xidmətlərlə yanaşı, həm də klassik üsulla göstərilən və hələ də elektronlaşdırılmamış xidmətlərin də reyestri formalaşdırılmış olacaq. Bu da, öz növbəsində, dövlət orqanlarının öz xidmətlərini elektronlaşdırmaq marağını artıracaq və yəqin ki, onların qarşısında konkret tələblər qoyulacaq. Çünki reyestrin formalaşdırılmasından sonra mütəmadi olaraq aparılacaq monitorinqlər və müqayisələr dövlət qurumlarının göstərdiyi xidmətlərdən hansılarının elektronlaşdırıldığını, hansılarının isə elektronlaşdırılmasının prioritet olduğunu müəyyənləşdirəcək.
CAHANGİR
20/09/14 Çap et