Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA”: “MAVEN” elmi peyki Mars orbitinə çıxıb”


ABŞ-ın on ay əvvəl Marsa göndərdiyi “MAVEN” (Mars Atmosphere and Volatile Evolution) elmi peyki planet orbitinə çıxıb. Bu barədə dəyəri 670 milyon dollar təşkil edən layihənin həyata keçirilməsi ilə məşğul olan ABŞ Kosmik Agentliyinin (NASA) və Kolorado Universitetinin nümayəndələri məlumat verib.
 
Hazırda ay yarım ərzində mütəxəssislər “Lockheed Martin” şirkəti tərəfindən yaradılan peykin mövqeyinin yerləşdirilməsi ilə məşğul olacaq və onun cihazlarının işini yoxlayacaqlar.
 
Bundan sonra aparat Mars atmosferinin tədqiqinə başlayacaq. Alimlər ümid edirlər ki, altı kiçik mühərrik və günəş batareyaları ilə təchiz edilən peyk planet orbitində bir neçə il fəaliyyət göstərəcək, halbuki əvvəlcədən onun missiyası bir il müddətinə hesablanmışdı. Hər şey plan üzrə getsə, ilk elmi informasiya Yerə bir neçə aydan sonra daxil olmağa başlayacaq.
 
18 noyabr 2013-cü ildə buraxılan aparat cihazların köməyi ilə planetin atmosferi və atmosferin itmə sürəti haqqında məlumatlar toplayacaq. Bu informasiyanın köməyi ilə alimlər əvvəllər Marsda iqlimin necə olmasını və planetdə göllərin tarixini müəyyənləşdirməyə çalışacaqlar.
 
Alimlərin fikrincə, Marsın bir zamanlar isti və nəm olmuş iqlimi Günəş küləyinin onun atmosferinə tərəf əsməsi səbəbindən soyuq və quru olub. Bu, əsasən planetdə maqnit sahəsinin zəif olması səbəbindən baş verib. Marsa tərəf əsən Günəş küləyinin enerjisi məhz peykdə quraşdırılan cihazlar vasitəsilə ölçüləcək.
 
“MAVEN” nə vaxtsa Marsda olan suyun və karbon qazının hara itməsi ilə bağlı suala cavab verməldir. Bu, planetin təkamülünün başa düşülməsi, onun iqlimi və həyatın mikroorqanizmlər səviyyəsində saxlanılması imkanları baxımdan əhəmiyyət kəsb edir”, - layihənin elmi rəhbəri, Kolorado Universitetinin atmosfer və kosmosun fiziki tədqiqatlar laboratoriyasının professoru Bryus Cakoski deyib, - “www.itar-tass.com” yazır.




22/09/14    Çap et