Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə karbon qazı tullantılarının həcmi rekord 40 milyard tona çatacaq


Atmosferə karbon qazı tullantılarının buraxılması qlobal istiləşmənin başlıca problemi olmaqla 2014-cü ildə artmaqda davam edəcək və yeni rekord 40 milyard tona çatacaq. Bəşəriyyət üçün qalan CO2 tullantılarının həcmi artıq bir nəsil ərzində tükənə bilər. Bu barədə “Global Carbon Project” layihəsi iştirakçıları tərəfindən bir neçə jurnalda dərc edilən məlumatlarda deyilir.
 
Qlobal karbon büdcəsinin son variantında (Global Carbon Budget) qeyd olunub ki, Yerin iqlim sisteminin orta temperaturunun artımını Selsi üzrə 2 dərəcə səviyyəsində (66 faizlik ehtimalla) saxlamaq üçün gələcək bütün CO2 tullantılarının həcmi 1200 milyard ton təşkil etməlidir.
 
Tullantıların hazırkı səviyyəsində bu qalıq artıq 30 il ərzində tükənəcək (insanlar tərəfindən bunun üçdə iki hissəsi artıq istifadə olunub). Bunun baş verməməsi üçün bəşəriyyətin malik olduğu qazıntı yanacaq ehtiyatlarının 50 faizi toxunulmaz qalmalı və ya geniş miqyasda CO2-nin torpaq altında ehtiyatının toplanması üçün yeni texnologiyalar tətbiq edilməlidir.
 
2014-cü ildə karbon qazı tullantıları (qazıntı yanacaq növlərinin yandırılmasından) 2013-cü illə müqayisədə 2,5 faiz, 1990-cı illə müqayisədə 65 faiz (Kiot protokolunun hesablanması vaxtı) artacaq. CO2-ni atmosferə daha çox Çin, ABŞ, Avropa İttifaqı və Hindistan (qlobal emissiyanın 58 faizi) buraxır. 2013-cü ildə onlar arasında tullantıların həcmini yalnız Avropa İttifaqı azaldıb (1,8 faiz).
 
CO2 tullantılarının əsas mənbəyi qazıntı yanacağının yandırılması, eləcə də sement istehsalı və meşələrin qırılması olaraq qalır.
 
Bu məlumatlar BMT-nin himayədarlığı ilə sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək iqlim sammiti ərəfəsində açıqlanıb. Tədbirdə dünya liderlərinin CO2 tullantıları ilə mübarizə imkanlarını müzakirə edəcəkləri gözlənilir, - "Lenta” yazır.




22/09/14    Çap et