Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net 2014” milli internet mükafatına start verilir


Azərbaycanda sentyabrın 25-dən “Milli Net” Milli İnternet Mükafatına start verilir.
“Milli Net”in təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, iddiaçılar “www.millinet.az” saytında  qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.

Milli internet resurslarının builki yarışmasına 2 yeni nominasiya – “Qarabağ haqqında saytlar“ və   “Mobil tətbiqlər” nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” nominasiyası adlandırılıb.
Beləliklə, “Milli Net 2014” yarışması  14 nominasiya üzrə keçiriləcək:



Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15-dək davam edəcək. “Milli Net 2014” yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
 

Ötən ildə olduğu kimi, saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
 

Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və “www.millinet.az”  saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
 
 
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net”-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” və “Delta Telekom” şirkətləri dəstək verir.
 
 
Aynur Vəliyeva



 




23/09/14    Çap et