Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan nümayəndələri Daşkənddə keçirilən “İnformasiya texnologiyaları həftəsi”ndə iştirak edib


 Sentyabrın 22-dən Daşkənddə (Özbəkistan) keçirilən Regional Rabitə Birliyinin informasiyalaşdırma  və infokommunikasiyalar iqtisadiyyatı üzrə komissiyalarının birgə 31/34-cü iclası işini başa vurub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir «ICTExpo» sərgisini, Özbəkistan proqramçıları sərgi və konfransı «BestSoft Uzbekistan»ı, İKT üzrə Milli sammiti və Milli “.UZ” domeni internet festivalını özündə birləşdirən və 23 sentyabr tarixində keçirilmiş “InfoCom-2014” “Informasiya texnologiyaları həftəsi” çərçivəsində təşkil olunub. 
 
RRB-nin iclaslarında Azərbaycan elektron imzanın istifadəsi üzrə tariflərin müəyyən edilməsi qaydalarının müzakirəsinin təşəbbüskarı kimi çıxış edib.
 
Tədbirdə eyni zamanda, informasiya cəmiyyətinin inkişafı və yaradılması sahəsində MDB ölkələrinin əməkdaşlıq strategiyasının həyata keçirilməsi  və 2015-ci ilədək onun reallaşdırılması üzrə fəaliyyət planı və bir sıra digər məsələlər müzakirə olunub.
Azərbaycan, həmçinin sentyabrın 23-də keçirilən İKT Sammitində də təmsil olunub.
Bu il sammitdə Azərbaycanla yanaşı, Koreyanın, Rusiyanın,  Belarusun, Qazaxıstanın, Tacikistanın, Estoniyanın, Almaniyanın, Niderlandın, Çex Respublikasının və digər ölkələrin nümayəndələri iştirak edib. Sammit hər il beynəlxalq təşkilatların, dövlət və biznes sektorunun nümayəndələrini və mütəxəssislərini sahənin son bir ildə inkişaf yekunlarını, dünya tendensiyalarını müzakirə etmək, bu sahədə təcrübə mübadiləsi aparmaq və İKT sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək üçün toplayır. Nümayəndə heyətinin ümumi sayı 500 nəfərdən çox olub.
Sammitin seksiya iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və “İnformasiya resursları və internet” mövzuları üzrə aparılıb.
 
Əsas müzakirə mövzularından biri Elektron Hökumətin inkişafı olub. İştirakçılar eyni zamanda ölkədə milli İKT inkişafı proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti məsələləri və s. aktual məsələləri müzakirə ediblər.    
 
 
Aynur Vəliyeva
 




25/09/14    Çap et