Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yüz milyonlarla kompüterdə ən təhlükəli boşluq aşkar edilib
İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin “Linux” proqram təminatında aşkar etdikləri yeni boşluq apreldə aşkar edilmiş “Heartbleed” səhvindən daha təhlükəlidir. ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin məlumatına istinadən “Reuters” agentliyi yazıb.
Mütəxəssislər bildirib ki, “Linux” sistemində əmrlər sətrinin idarəetməsi üçün istifadə edilən “Bash” proqramı hakerlərin hədəfinə tuş gəlib. Kibercinayətkarlar boşluqdan istifadə edərək müdaxilə edilmiş sistem üzərində tam nəzarəti ələ keçirə bilərlər.
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, “Rapid7” şirkətində kibertəhlükəsizlik bölməsinin direktoru Tod Berdsli deyib ki, “Bash” proqramından istifadə edən istənilən sistemin administratoru dərhal yeniləmə paketini yükləməlidir. Bu halda başqa mütəxəssislər iddia edir ki, səhvin aradan qaldırılması üçün nəzərdə tutulmuş yeniləmə paketi əslində problemi həll etmir və “Mac OS X” platforması üçün təhlükəsizlik yeniləməsi hələ ki yaradılmayıb.
Müxtəlif qiymətləndirmələrə görə, hazırda internetdə fəaliyyət göstərən serverlərin 62-82%-i “Linux” platforması ilə işləyir. Ev kompüterlərinə gəlincə, “Linux” və “Mac OS X” platformaları dünyadakı kompüterlərin 8.4%-nə quraşdırılıb.
Emil Hüseynov
26/09/14 Çap et