Kuryer xidməti malların pilotsuz uçan aparatlarla çatdırılması üzrə layihəni istifadəyə verib
“DHL” kuryer xidmətinin Almaniya bölməsi malların pilotsuz uçan aparatlarla çatdırılmasına başladığını bəyan edib. Sentyabrın 26-dan etibarən pilotsuz uçan aparatlar sınaq rejimində zəruri malları və əczaçılıq məhsullarını mütəmadi nəqliyyat xəttinin olmadığı Friz adaları sakinlərinə çatdırmağa başlayıb.
Belə ki, hazırda İyust adasında min yeddi yüz nəfər yaşayır, adanı materiklə bərə keçidi birləşdirir. Bərə gündə bir dəfə işləyir və onun iş cədvəli meteoroloji şəraitdən asılı olur. “Airline FLN” şirkətinin ada ilə müntəzəm aviaxətt qurmaq üçün cəhdləri də uğursuz alınıb.
Belə çətin şəraitdə malların pilotsuz uçan aparatlarla çatdırılması perspektivli görünür. “DHL”-in istifadə edəcəyi “Microdrones” şirkətinin dörd rotorlu vertolyotları (quadrocopter) bir dəfə enerji toplamaqla 65 km məsafəni qət edə bilir (çatdırılma üçün planlaşdırılan marşrutun uzunluğu 12 km təşkil edir), onların işi hava şəraitindən az asılı olur və böyük enmə zolağına ehtiyac duymur.
Aparatların ilkin sınaqları ötən il Bonda keçirilib. Bir həftə ərzində sınaq “quadrocopter” 2,5 km uçub və şirkətin mənzil-qərargahının qarşısına eniş edərək Reyn çayının digər sahilinə dərmanlar çatdırıb.
“DHL” layihənin həyata keçirilməsi zamanı qanunvericilik tərəfindən maneələr ilə qarşılaşıb. Almaniya Nəqliyyat və Hava Yolları Nazirliyi ilə əldə olunan razılaşmaya görə, proqramın birinci mərhələsində uçuşların hamısı hava məkanının ayrılmış hissəsində - bütün pilotlar üçün qapalı və yaşayış evlərindən uzaq olan yerlərdə keçiriləcək.
Qeyd edək ki, analoji layihələrin inkişafı ilə "Google” və “Amazon” şirkətləri də məşğul olur. Avqustun sonunda məlum olub ki, “Google” Avstraliyada pilotsuz uçan nəqliyyat aparatlarının uğurlu sınaqlarını keçirib. Eyni zamanda, “Amazon” ABŞ hökuməti ilə pilotsuz uçan aparatların kommersiya istifadəsi üçün qüvvədə olan qaydaların yumşaldılması ilə bağlı danışıqlar aparır, - "
www.newsru.com” yazır.