Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı dövlət qurumları elektron arayışın verilməsi xidmətinə qoşulub?
Hazırda "Elektron hökumət" portalının təqdim etdiyi yeni "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətində 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunur.
Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bu qurumlara Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirlikləri, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Dövlət Sosial Müdafiə Fondu daxildir.
Gələcəkdə daha çox qurumların vətəndaş haqqında məlumat təqdim etməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, bu xidmət vətəndaşlardan dövlət və özəl qurumlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi prosesini sadələşdirmək məqsədi üçün nəzərdə tutulub. Vətəndaş portala daxil olub, onlayn rejimdə bu xidmətdən istifadə edərək özünə aid fərdi məlumatlar barədə elektron arayışı istədiyi dövlət və ya özəl təşkilatlara göndərmək imkanını əldə etmiş olur.
Qeyd edək ki, bu xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron hökumət" portalında autentifikasiyadan keçməlidir. İstifadəçi öz seçiminə uyğun autentifikasiya vasitəsindən keçdikdən sonra xidmətdən yararlana bilər və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün elektron xidmətdən istifadə zamanı vətəndaşın fərdi məlumatları elektron xidmətdə öz əksini tapacaq. İstifadəçi elektron arayışını təşkilata göndərdikdən sonra mütəxəssislər vətəndaşla əlaqə saxlayaraq elektron arayışın icra statusu haqqında məlumat verəcəklər.
CAHANGİR
27/09/14 Çap et