Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elmar Məmmədyarov: “TASİM region boyunca 20-dən artıq ölkəni “e-info” sistemləri ilə təmin edəcək”
“Azərbaycanın təşəbbüsü olan “Trans-Avrasiya Super İnformasiya Magistralı”
(TASİM) layihəsi region ölkələrini informasiya-kommunikasiya xidmətləri ilə
təmin edəcək, internetə çıxışı sadələşdirəcək”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində etdiyi çıxışı zamanı söyləyib.
Nazir qeyd edib ki, TASİM layihəsi region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və “e-info” sistemləri ilə təmin edəcəkdir: “Minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsində mənim ölkəmin əldə etdiyi nəticələr unikaldır. Son on il ərzində Azərbaycanın ümumdaxili məhsulu 3.4 dəfə artıb. Hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini əhatə edir. Mükəmməl yüksək iqtisadi artım göstəriciləri mövcud resurslarının düşünülmüş formada istifadəsi və sosial əsaslı bazar iqtisadiyyatına sürətli keçid əsasında baş verib”.
E.Məmmədyarov qeyd edib ki, hökumət tərəfindən idarəetmənin təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin və ictimai xidmətlərə asanlaşdırılmış çıxışın təmin olunması, bərabərhüquqlu və hamını əhatə edən təhsil, gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sərfəli enerjiyə çıxışın təmin edilməsi və ətraf mühitin mühafizəsi kimi sahələrdə irimiqyaslı proqramlar həyata keçirilir:
“Milli səviyyədə sürətli inkişaf Azərbaycana inkişaf edən donor statusunda rəsmi olaraq inkişafa yardım etmək imkanı verib. Son illərdə Azərbaycan yeni təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi - AİDA vasitəsilə inkişaf etməkdə olan dövlətlərin humanitar və sosial-iqtisadi problemlərinin həllində iştirak etməkdə davam edir. Beynəlxalq inkişafa yardım fəaliyyəti ictimaiyyətimiz tərəfindən də geniş dəstəklənir. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxsaylı sosial, humanitar və inkişaf layihələri həyata keçirib”.
Seymur
29/09/14 Çap et