Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı ABŞ istehsalçısına çoxmilyardlıq cərimə tətbiq edə bilər


Bu həftə Avropa İttifaqının (Aİ) antiinhisar orqanları ABŞ-ın “Apple” şirkətinə aparılan beynəlxalq əməliyyatlardan böyük məbləğdə vəsaitlərə qənaət etməyə imkan verən vergi sxemləri ilə bağlı təhqiqatın nəticələrini açıqlayacaq. Şirkətə qarşı çoxmilyardlıq cərimənin tətbiq ediləcəyi gözlənilir.
 
“The Financial Times” nəşrinin məlumatına görə, Avropa Komissiyası tərəfindən aparılan təhqiqatın ilkin nəticələri “Apple” və İrlandiya hökuməti (şirkət bu ölkədə ABŞ ərazisindən kənarda həyata keçirilən əməliyyatlara görə vergilər ödəyir) arasında artıq 20 il davam edən qeyri-qanuni razılaşmanın olmasından xəbər verir. İrlandiyada ABŞ istehsalçısı üçün vergi dərəcəsi 2 faiz təşkil edir.
 
Bununla belə, “Apple” nümayəndələri qeyd edirlər ki, şirkətin İrlandiya hökuməti ilə razılaşması qeyri-qanuni dövlət yardımını nəzərdə tutmur və qanunidir. “Heç vaxt xüsusi saziş olmayıb, heç vaxt dövlət yardımı kimi qəbul ediləcək hərəkət edilməyib”, - “The Financial Times” nəşrinə “Apple”-ın maliyyə direktoru Lyuka Maestri deyib.
 
Avropa Komissiyası ilkin təhlilin nəticələrinə əsaslanaraq ABŞ şirkətinin İrlandiya ilə sazişinin ətraflı araşdırılması qərarına gəlib. İlk saziş 1991-ci ildə imzalanıb. Aparılacaq təhqiqat Aİ-nin nəhəng transmilli şirkətlər tərəfindən praktika edilən qeyri-qanuni vergi optimallaşdırılması ilə mübarizə üzrə geniş kampaniyanın tərkib hissəsi olacaq, - “Vesti” yazır.
 




30/09/14    Çap et